az
en
Bu gün: 23 Mart 2017
Ana səhifə    Binanın tarixi
Binanın tarixi

Milli Azərbaycan Tarixi Muzeyinin yerləşdiyi bina məşhur sahibkar, xeyriyyəçi Hacı Zeynal Abdin Tağıyevin və ailəsinin yaşayış evi olub. Bakı şəhərinin baş memarı olmuş İosif Vikentyeviç Qoslavskinin (1865-1904) layihəsi əsasında inşa edilən Tağıyev sarayı Bakının ən gözəl binalarından biridir. Varşava quberniyasında polyak zadəgan ailəsində anadan olan, Peterburq Mülki Mühəndislər İnstitutunun məzunu İ.Qoslavski 1891-ci ildə Bakıda tikilən Aleksandr Nevski kilsəsinin inşasına nəzarət üzrə mütəxəssis qismində Bakıya ezam olunmuşdu. İ.Qoslavski 1893-1904-cü illərdə şəhərin baş memarı vəzifəsini tutub. Onun müəllifliyi ilə Bakıda memarlıq cəhətdən gözəl olan on iki bina, o cümlədən şəhər dumasının, Tağıyev teatrının, Rus İmperator Texniki Cəmiyyəti Bakı şöbəsinin, rus-müsəlman qız məktəbinin binaları və s. tikilib.

H.Z.A.Tağıyevin sarayı 1895-1901-ci illərdə inşa olunub. Nəhəng günbəzlərlə tamamlanan bu üçmərtəbəli sarayın bir tərəfi Baryatinski (indi Əbdülkərim Əlizadə), digərləri Polis (indi Yusif Məmmədəliyev), Merkuri (indi Zərifə Əliyeva), fasadı isə Qorçakov (indi Hacı Zeynal Abdin Tağıyev) küçələrinə baxırdı. Otaqların ikisıralı tikilişi sarayın daxili həllinin əsasını təşkil edir. İki qapalı həyət ətrafında mərasim və yaşayış otaqları qruplara ayrılıb. Binanın iki aralı mərmər pilləkənləri olan ön hissəsi Qərbə baxır. Şərq zalının iç görünüşü əzəmətli naxış və bəzəmələrlə fərqlənir, şaquli və üfüqi detallar divarların səthini bitki ornament motivləri ilə doldurulmuş ekranlara bölür. Dirəklərdən biri üçtağlı Mavritaniya orderinin zərif sütunları formasında tərtib olunmuşdur. İ.Qoslavskinin eskizi əsasında həndəsi şəkillərdən ibarət və yığma elementlərdən düzəldilmiş taxta tavan çox əzəmətli görünür. Sarayın tikintisi zamanı müxtəlif memarlıq üslublarından istifadə olunmuşdu. Belə ki, simmetrik baş fasad italyan intibahının təmtəraqlı formalarında, təmizlik otağı fransız rokokosu, yemək otağı flamand barokkosu, yataq otağı isə modern üslubunda həll olunmuşdur. H.Z.A.Tağıyevin kabineti, yemək, qonaq və başqa otaqlar palıd ağacı ilə bəzədilmişdir. Binanın dürüst mərtəbələr üzrə bölünməsi, divarların dərin çıxıntılı hörgüsü və memarlıq plastikasının zənginliyi memarların yüksək ustalığından xəbər verir.

“Sərvət və səxavətilə məşhur cənab Hacı Zeynal Abdin Tağıyevin tərcümeyi-əhvalı” kitabında (1903) məlumat verilir ki, Tağıyev sarayının inşasında 270 nəfər mühəndis, memar, dülgər, nəqqaş və başqa ustalar çalışmışdı. Sarayın daxilindəki bütün avadanlıq Rusiyadan, Fransadan, Amerikadan, Almaniyadan gətirilmişdi. Evdə istilədici və soyuducu sistemlər quraşdırılmışdı. İmarət hər dörd tərəfdən üç mərtəbədən idi, otaqların hər birisinin ucalığı 1320 metrə çatırdı. Tavanın naxışlarına ustalar tərəfindən 40 min rubladək qızıl işlənmişdi. Sarayın sütunları almaz və rəngli güzgülü şüşələrlə bəzədilmiş, yeri Rusiyadan gətirilmiş təbii rəngli ağcaqayın taxtalardan döşənmişdi. Mebel Amerikadan, şəkillər və zərbəft pərdələr isə Almaniyadan gətirilmişdi. Kitabda deyilir ki, təkcə binanın tikintisinə (xaricdən gətirilən mebel və avadanlıq nəzərə alınmasa) 1,2 milyon rubl vəsait xərclənmişdi.

Aşağı mərtəbədə H.Z.A.Tağıyevin kontoru və bir sıra başqa otaqlar, ikinci mərtəbədə isə yaşayış otaqları, kabinet və iki zal – Avropa və Şərq zalları, eləcə də iki seyf otağı, təmizlik otaqları, mətbəx, hamam və s. yerləşirdi. Y. Məmmədəliyev küçəsinə ayrıca çıxışı olan üçüncü mərtəbə 16 otaqdan ibarətdir.

Binanın tikintisi üçün işlədilən inşaat materialı, eləcə də avadanlıq, mebel, çil-çıraqlar və interyer üçün lazım olan hər şey Rusiyadan və Qərbi Avropadan gətirilmiş, yüksək ixtisaslı ustalar və rəssamlar dəvət olunmuşdu. İkinci mərtəbənin anfiladasında nəbati naxışlı pilyastrlarla bəzədilmiş Avropa zalı yerləşirdi. Şərq zalı isə özünün əzəməti, ornamentlərin təmtəraq və zərifliyi ilə fərqlənirdi. Mərkəzində kiçik fəvvarə olan qış bağı Şərq zalına birləşdirilmişdi. Hacının həyat yoldaşı Sona xanımın öz orijinallığı ilə seçilən buduarının – kiçik qonaq otağının tavanı fiqurlu güzgülü lövhəciklərdən yığılmışdı.

1914-cü ildən sarayda H.Z.A.Tağıyevin başçılıq etdiyi Bakı Tacir bankı da yerləşirdi.

1920-ci ilin aprelində Azərbaycanda hakimiyyəti almış bolşeviklər Tağıyev sarayını müsadirə etmiş, onun bir hissəsində Dövlət Tarix Muzeyi fəaliyyətə başlamışdı. 1941-1954-cü illərdə Tarix Muzeyi Şirvanşahlar sarayına köçürülmüş, binada Azərbaycan SSR Xalq Komissarları Soveti yerləşdirilmişdi. 1954-cü ildə binanın ikinci mərtəbəsi yenidən Tarix Muzeyinə qaytarıldı. Birinci mərtəbədə isə Texniki və tibbi sənədlər arxivi yerləşdirildi. Yalnız 2000-ci ildə Tağıyev mülkü bütövlükdə Azərbaycan Tarixi Muzeyinin ixtiyarına verildi. Tağıyev sarayı bir neçə dəfə rekonstruksiyaya məruz qalmışdı. XX əsrin ortalarında aparılan təmir zamanı güzgülü otaqdakı şəkillər “burjua qalığı” kimi məhv edilmiş və üzərindən yeni suvaq çəkilmişdir. 2000-ci ildə cari təmir zamanı suvağın altında həmin divar rəsmləri aşkar edilmişdir. Üstündən dörd dəfə rəng vurulmasına baxmayaraq, rəsmlər əvvəlki təravətini itirməmişlər.

2005-ci ildən Tağıyev sarayında əsaslı təmir və bərpa işləri başlandı. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü ilə Milli Azərbaycan Tarixi Muzeyinin nəzdində H.Z.A.Tağıyevin xatirə muzeyi də yaradıldı.



Elanlar