az
en
Bu gün: 25 Aprel 2017
Ana səhifə    Xoş gəlmisiniz
Xoş gəlmisiniz

Saytımıza xoş gəlmisiniz!

2010-cu ildə Milli Azərbaycan Tarixi Muzeyinin 90 yaşı tamam olub. Fəaliyyətinin ilk dövründə Azərbaycan Dövlət Muzeyi adını daşıyan muzeyimiz 1936-cı ildən tarix profilinin gücləndirilməsi ilə əlaqədar bu günkü adı ilə işini davam etdirmiş, uzun illər ərzində vətən tarixinin bütün dövrlərini əks etdirən ekspozisiyası və sərgiləri ilə tamaşaçıların diqqətini cəlb etmiş, rəğbətini qazanmışdır.Bu gün muzeyin müxtəlif fondlarında vətən tariximizi yaşadan 300 minədək maddi mədəniyyət nümunəsi qorunur. Muzeyin kitabxanasında 80 mindən artıq əsasən, XIX-XX əsrin əvvəllərində çap olunmuş nadir jurnal, kitab, və qəzetlər toplanmışdır. Muzeyin Bakının ən gözəl memarlıq abidələrindən olan binası 1895-1896-cı illərdə, o vaxtlar şəhərin baş memarı vəzifəsini daşıyan polşalı İosif Qoslavskinin layihəsinə əsasən tikilmişdi. Məşhur sahibkar və xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin yaşayış mülkü olan bu sarayda 1920-ci ildən bəri fasilələrlə muzey fəaliyyət göstərir. 2004-2007-ci illərdə Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevin göstərişi və nəzarəti ilə muzeyin binası əvvəlki görkəmini saxlamaqla müasir muzey tələbləri səviyyəsində bərpa və təmir olundu. Muzeyin yeni avadanlıqla təchiz olunması, prezidentin və hökumətin ayırdığı investisiya ilə nadir muzey ekponatlarının bir hissəsinin bərpa və konservasiya edilməsi və bunun nəticəsində tariximizin bütün dövrlərinin daha dolğun təqdim olunması indi olduğu kimi bundan sonra da muzeyi ölkənin tarixi-mədəni irsinin qoruyucusu edəcəkdir. Muzeyin 10 otağında Azərbaycan xalqının görkəmli oğlu Hacı Zeynalabdin Tağıyevin ev-muzeyinin açılması vətəninə və xalqına hədsiz xidmətlər göstərmiş “el atası”nın xatirəsini əbədiləşdirmiş, onun görk olacaq həyat və fəaliyyətini işıqlandırmışdır. 2007-ci ildə öz qapılarını yeni ekspozisiya ilə tamaşaçıların üzünə açan muzey Azərbaycan tarixinin daha ətraflı və obyektiv təqdim olunması məqsədilə elmi tədqiqat və mədəni-maarif işlərini bir qədər də genişləndirmiş, fəaliyyətini elmin inkişafı üzrə Milli Strategiyaya uyğun qurmuşdur. Açılışdan sonra muzeydə keçirilən müxtəlif mövzulu sərgilər, elmi-praktiki seminar və konfranslar, muzey əməkdaşlarının hazırladıqları kitab, buklet, kataloq və toplular həm mütəxəssislərin, həm də Azərbaycanın tarixi, onun maddi və mənəvi mədəniyyəti ilə maraqlananların rəğbətinə səbəb olmuşdur. Muzeyə hər gün onlarla tamaşaçı gəlir. Onların xidmətində duran muzey işçiləri hər bir tamaşaçının Azərbaycanın zəngin tarixi keçmişi, dünəni və bu günü ilə, maddi-mədəni tarixi irsi ilə tanış olması üçün əllərindən gələni etməyə çalışırlar.Sizə təqdim olunan saytımız da bu məqsədi güdür. Ümidvarıq ki, onun səhifələrində Siz istədiyiniz məlumatı tapacaq, əlaqələr qura biləcəksiniz.

 

Muzeyimizdə görüşmək arzusu ilə

Muzeyin direktoru Nailə Vəlixanlı.

Elanlar