az
en
Bu gün: 21 Noyabr 2018
26 iyun - Azərbaycan Milli Ordusunun yarandığı gündür

Azərbaycan Milli Ordusu26 iyun tariximizin əlamətdar səhifələrindən biri - Azərbaycan Milli Ordusunun yarandığı gündür. 1918-ci il iyun ayının 26-da Azərbaycan Xalq Cümhuriyyəti hökuməti ilk milli diviziyanın və Hərbi Nazirliyin yaradılması barədə qərar qəbul etmişdir. Milli Ordunun yaranması Azərbaycan xalqının milli dövlətçilik və milli özünütəsdiq tarixinin ən önəmli mərhələlərindən biri idi. Məhz güclü, nizami ordu 1918-ci il may aının 28-də elan edilmiş istiqlalın bütün ölkə ərazisində qələbə çalmasını təmin edə bilərdi. Artıq iyun ayının əvvəlində Şaumyanın başçılıq etdiyi Bakı Xalq Komissarları Soveti əksəriyyəti ermənilərdən ibarət olan 20 minə yaxın döyüşçü ilə cümhuriyyətə qarşı savaşa başlamışdı. Məqsəd milli hökumətin Tiflisdən Gəncəyə köçməsinə mane olmaq idi. Lakin daşnaklar buna nail ola bilmədilər. İyun ayının 26-da ilk hərbi korpusun (diviziya statusunda) yaradılması barədə qərar qəbul edilmiş, Azərbaycan Milli Ordusunun təməli qoyulmuşdu. General Səmədağa Mehmandarov hərbi nazir, general Əliağa Şıxlinski hərbi nazirin müavini, general Süleyman Sulkeviç isə baş qərargah rəisi təyin olunmuşdu. 1919-cu il milli ordu quruculuğunda həlledici mərhələ olmuşdu. Ordunun yaradılması prosesi 1920-ci il yanvar ayında əsasən başa çatdırılmışdı. 40 min nəfərlik nizami ordunun 30 mini piyada, 10 mini isə süvari qoşun hissələrindən ibarət idi 1920-ci ilin aprel ayında XI Qızıl Ordu Azərbaycan sərhədlərinə yaxınlaşmış və A.Mikoyan başda olmaqla Bakı bolşevikləri rus ordusunu Bakıya çağırmışdı. Milli Ordunun sərhəddəki azsaylı hissələri ruslara müqavimət göstərə bilməmişdi. Aprelin 27-də Bakı buxtasına yan alan XI ordunun hərbi gəmiləri artıq toplarını parlament binasına tuşlamış, Bakıda milli hökumət süqut etmişdi. Azərbaycan istiqlaliyyətinin süqutu ilə Milli Ordunun mövcudluğuna da son qoyulmuşdu. Bolşevik hökuməti isə artıq 1920-ci il mayın 7-də Azərbaycanda ordu və donanmanın yenidən təşkil edilməsi barədə dekret vermişdi. Milli Ordunun ləğvindən sonra 21 generaldan 15-i bolşeviklər tərəfindən güllələnmiş, komandirlərin böyük hissəsi repressiyaya məruz qalmışdı. İlk dəfə Azərbaycan Respublikası Prezidentinin 1992-ci il 18 sentyabr tarixli Fərmanı ilə təsis edilmiş və 1991-ci ildə Azərbaycanın dövlət müstəqilliyinin bərpasından sonra Azərbaycan ordusunun yaradılması barədə Azərbaycan Ali Sovetinin qərarının qəbul edildiyi tarix - 9 oktyabr, Azərbaycan Respublikası Silahlı Qüvvələri günü elan edilmişdir. Məhz Heydər Əliyev Azərbaycana rəhbərliyə qayıdandan sonra ölkədə gerçək ordu quruculuğuna başlanmışdı. Azərbaycan Respublikası Prezidentinin 22 may 1998-ci il tarixli Fərmanına əsasən Əlahiddə Azərbaycan Korpusunun yarandığı gün - 26 iyun tarixi Azərbaycan Respublikası Silahlı Qüvvələri günü kimi elan edilmişdir. Hər il bu tarix rəsmi dövlət bayramı kimi qeyd edilir.

Elanlar