az
en
Bu gün: 22 Iyul 2017
Rusiya imperatorlarının mühafizəsində olmuş Azərbaycan hərbi hissələrinin geyimi bərpa olundu

İyunun 21-də AMEA Milli Azərbaycan Tarixi Muzeyində Muzeyin və AR Silahlı Qüvvələrinin Hərbi Akademiyasının birgə səyləri ilə keçiriləcək “Hərb tariximizi öyrənək!” adlı tədbirdə Rusiya imperatorlarının mühafizə konvoyunda olmuş Azərbaycan tağımlarının uniforması tədim olunacaq.

Azərbaycanın hərb tarixi müxtəlif hadisələr, şanlı səhifələrlə zəngindir. Bu tarixin hərtərəfli araşdırılması yalnız respublika müstəqillik qazanandan sonra mümkün olmuşdur. Tarixçilərin səyləri il yeni-yeni faktlar müəyyən edilir, geniş ictimaiyyətə çatdırılır. Belə az məlum olan faktlardan biri Rusiya imperatorlarının mühafizə xidmətində (konvoyunda) 1838-1881-ci illərdə Azərbaycan hərbi hissələrinin olmasıdır. Bu hərbi hissələrin tarixinin, şəxsi heyətin bioqrafiyalarının, döyüşçülərin uniforma və silahlarının müəyyən edilməsi bir neçə alimin səyləri ilə mümkün olmuşdur.

Belə ki, Rusiyanın tanınmış hərb tarixçisi, Rusiya Federasiyası Mədəniyyət Nazirliyi nəzdində Hərbi-tarixi rekonstruksiya və vətən tarixinin öyrənilməsi və qorunması üzrə işçi qrupun eksperti Dmitriy Kloçkovun araşdrmaları sübut etmişdir ki, imperator konvouna cəlb edilən azərbaycanlılar milli hərbi hissələr tərkibində olmuş, bu hərbi hissələrdə geyim, gündəlik həyat tərzi, yemək, dini ayinlərin icrası və hətta yemək milli əsasda təşkil edilmişdir. O, Rusiya arxivlərində qorunan sənədlər əsasında konvoyun tərkib hissələri, o cümlədən azərbaycan taqımlarının yaradılma səbəbləri, fəaliyyəti, xüsusiyyətlərini tədqiq etmişdir. Moskvada yaşayan azərbaycanlı tədqiqatçı, Azərbaycan hərb tarixinə həsr olunmuş “Georgi ordeni kavalerləri – azərbaycanlılar”, “Qızıl silahla təltif olunanlar” və s. kimi kitabların müəllifi, Azərbaycan tarixi- şəcərə cəmiyyətinin sədr müavini, Beynəlxalq genealoji akademiyanın müxbir üzvü Eldar İsmaylov konvoyda xidmət azərbaycanlıların bioqrafiyalarını, keçdikləri döyüş yollarını xırdalıqlarına qədər müəyyən edə bilmişdir. AMEA Milli Azərbaycan Tarixi Muzeyinin şöbə müdiri, tarix üzrə fəlsəfə doktoru Səbuhi Əhmədov konvoyla bağlı Azərbaycanda qorunan materialları tədqiq etmiş, konvoydakı Azərbaycan tağımlarının uniforma və silahlarını bərpa rekonstruksiya etmişdir.

Rusiya imperatorlarının mühafizə konvoyunda ilk azərbaycanlı 1834-cü ildən xidmətə başlamış Cavad xan Şirvanski olmuşdur.

1838-ci ildə mühafizə konvoyunyunun tərkibində “Ləzgi komandası” adlı yeni hissə yaradıldı ki, onun tərkibində Azərbaycanın Car-Balakən dairəsinin sakinləri xidmət edirdi. 1839-cu ildə digər hissə təşkil olundu - “Müsəlman komandası”. Müsəlman komandasına Şimali Azərbaycanın digər bölgələrindən şəxsi heyət toplanırdı. Tədricən “komandalar” əsasında taqımlar təşkil olundu. 3-cü tağıma –təkcə Car-Balakən dairəsi deyil, “Xəzəryani diyarın ləzgiləri də, orada görkəmli nəsillərin nümayəndələri” qəbul olunurdu; 4-cü taqım “Müsəlman komandası” əsasında təşkil olundu, bura “Zaqafqaziya diyarının fəxri xan və bəy sülalələrindən olanlar” seçilirdi.

İmperator I Nikolay 1837-ci ildə Qafqaza səyahət zamanı Kəngərli atlı dəstəsinin paradına tamaşa etmiş, milli geyimdən valeh olduğunu bildirmişdir. Bu səbəbdən konvoyda xidmət edən azərbaycanlıların uniforma və silahları məhz milli geyim və silahlar əsasında tərtib olundu.

Konvoyun Azərbaycan tağımlarında millilik qorunmuşdur: qvardiya kazarmalarında məişətdə Azərbaycan milli yeməkləri verilir, adət-ənələri saxlanılırdı. Taqımlarda molla və əfəndi ştatları var idi. Hərbi ştatlar azərbaycan dilində idi: sıravilər “atlı”, yunkerlər “vəkil” adlanırdı.

Konvoyda xidmət etmiş azərbaycanlıların əksəriyyəti sonralar hərbi məktəblərə daxil olaraq hərbi karyeranı davam etdirmişdilər. Dörd nəfər azərbaycanlı general rütbəsinə qədər yüksəlmiş, mayor Əliqəmbər Vəzirov 1856-cı ildə göstərdiyi qəhrəmanlığa görə imperiyanın ən ali hərbi ordeni olan Mg.Georgi ordeninin 4-cü dərəcəsi ilə təltif olunmuşdur. Rzaqulu Mirzə Qacar ilk azərbaycanlı olmuşdur ki, Əlahəzrət Imperatorun fligel-adyutantı saray rütbəsinə layiq görülmüş, onun qızı Dilşad-ağa imperatriçanın freylinası olmuşdur.

1881-ci ildə imperiyada keçirilən islahatlar nəticəsində imperator konvoyunda yalnız kazaklardan ibarət olan hərbi hissələr qaldı, digər hissələr, o cümlədən azərbaycanlılarından ibarət hərbi hissələr ləğv olundu.

Toplanmış muzey, arxiv, rəsm və fotomaterialları Rusiya imperatorlarının mühafizə konvoyunda olmuş Azərbaycan tağımlarının uniforma və silahlarını bərpa etməyə imkan vermişdir. Qeyd etmək lazımdır ki, bərpa prosesində bütün tarixi xüsusiyyətlər olduğu kimi saxlanılmışdır. 

FLICKR

YOUTUBE

FACEBOOK

Elanlar