az
en
Bu gün: 21 Sentyabr 2017
Muzeyin “Tarixə səyahət” adlı kino klubunda “Divlər sarayı” adlı sənədli filmi nümayiş olundu

AMEA Milli Azərbaycan Tarixi Muzeyində “Tarixə səyahət” adlı kinoklub fəaliyyətə başlamışdır.

AMEA Milli Azərbaycan Tarixi Muzeyi Xarici əlaqələr və elmi kütləvi iş şöbəsi, AMEA Arxeologiya və Etnoqrafiya İnstitutu və Gənc Alim və Mütəxəssislər Şurasının təşkilatçılığı ilə klubun ilk filmi – ən qədim insan məskənlərindən biri olan Azıx mağarasına həsr olunmuş “Divlər sarayı” adlı sənədli filmin nümayiş olunmuşdur. Filmin ssenari müəllifləri M.Hüseynov, F.Səfiyev, rejissor M.Bağırovdur.

Tədbirdə AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun direktoru, t.ü.e.d. Mayisə Rəhimova, tədqiqatçı-jurnalist, Əməkdar incəsənət xadimi, professor Musa Bağırov, UNİSER özəl orta məktəbinin tarix müəllimi, İKT sahəsi üzrə direktor müavini Namiq Rüstəmov, AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun aparıcı elmi işçisi, t.ü.f.d. Mansur Mansurov və bu institutun elmi işçisi Yaqub Məmmədov, AMEA Milli Azərbaycan Tarixi Muzeyi Arxeologiya elmi fond şöbəsinin müdiri t.ü.f.d. Nasir Quluzadə, 6 nömrəli tam orta məktəbin şagirdləri və YAP Səbail rayonu “Əhməd Cavad 12” ərazi təşkilatı və Dini Qurumlarla iş üzrə Dövlət komitəsinin YAP Gənclər təşkilatının üzvləri, KİV nümayəndələri iştirak etmişlər.

Filmin nümayişindən sonra Muzeyin direktoru, akademik Nailə Vəlixanlı çıxış edərək qeyd etdi ki, Azərbaycanın uzaq keçmişinin, tarixinin canlı sübutu olan Azıx mağarası dünyanın ən qədim məskənlərindən biridir. Arxeoloji abidədən tapılmış ibtidai insanın alt çənə sümüyünün qalığı göstərdi ki, Azərbaycanda təxminən 350-400 min il bundan əvvəl insan yaşamışdır. Azıx mağarası Qafqazda indiyə qədər aşkar edilmiş mağaralardan ən böyüyü kimi də diqqəti cəlb edir. Akademik təəssüflə bildirdi ki, bu mağaranın yerləşdiyi Azərbaycan torpağı 1993-cü ildən etibarən Ermənistanın işğalı altındadır. 

Nailə xanım həmçinin qeyd etdi ki, Azıx mağarasından tapılmış və 350-400 min il əvvəl yaşamış 18-20 yaşlı qadına məxsus bu alt çənə sümüyünün parçasının mulyajı Milli Azərbaycan Tarixi Muzeyinin elmi ekspozisiyasında nümayiş olunur, əsli isə Muzeyin Xüsusi fondunda saxlanılır.

Tədbirdə iştirak edən AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun direktoru, t.ü.e.d. M.Rəhimova öz çıxışında bildirdi ki, 1968-ci ilin iyununda Məmmədəli Hüseynovun rəhbərliyi altında Paleolit arxeoloji ekspedisiyasının Azıx düşərgəsində apardığı arxeoloji qazıntılar zamanı bir neçə daş məmulatı ilə birlikdə ibtidai insana məxsus çənə sümüyü aşkar olunmuşdur. M.Hüseynov tərəfindən tapılmış bu çənə sümüyü Azıx paleolit düşərgəsinin elmi əhəmiyyətini və şöhrətini daha da artırmış və dünyanın müxtəlif ölkələrinin arxeoloq, paleontoloq, paleoantropoloq və digər mütəxəssisləri Bakıya gələrək, Azıx düşərgəsindən tapılmış maddi mədəniyyət qalıqları ilə yaxından tanış olmağa başlamışlar. İbtidai insana məxsus olan bu çənə sümüyü üzərində professor Dəmir Hacıyev də uzun müddət elmi tədqiqat işi aparmışdır.

Tarixçi alim M.Rəhimova qeyd etdi ki, təəssüf ki, Ermənistanın işğalı altında olan Azıx mağarasında düşmən ölkə qazıntılar aparır. Hətta bununla bağlı erməni KİV-i məlumatlar yayaraq araşdırmaların davam etdiyini də bəyan edib.

Tədbirdə filmin rejissoru, tədqiqatçı-jurnalist, professor M.Bağırov filmin çəklişləri zamanı üzləşdiyi çətinliklərdən danışmış, belə tədbirlərin gənc nəslin nümayəndələri üçün böyük əhəmiyyətə malik olduğunu vurğulamışdır.

UNİSER özəl orta məktəbinin tarix müəllimi N. Rüstəmov əvvəlki natiqləri çıxışlarına istinad edərək, professor D. Hacıyevin Azıx mağarasından tapılan alt çənə sümüyünün tədqiqində önəmini bir daha qeyd etmiş, onunla bağlı xatirələri bölüşmüşdür.

AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşları çıxışlarında Azıx mağarasında aparılan qanunsuz qazıntılar haqqında dinləyicilərə ətraflı məlumat vermiş, bu məsələnin Azərbaycan Respublikasının müvafiq dövlət qurumlarının daim diqqət mərkəzində olduğu vurğulanmışdır.

Muzeyin Arxeologiya elmi fond şöbəsinin müdiri t.ü.f.d. N.Quluzadə çıxışında Muzeydə mühafizə edilən arxeoloji tapıntılar və xüsusi maraq cəlb edən arxeoloqların çöl gündəliklərinin gələcək tədqiqatlar üçün əhəmiyyətli rol oynadığını qeyd etmişdir.

Tədbirin sonunda tamaşaçıların “Divlər sarayı” adlı sənədli filmlə bağlı sualları cavablandırılmışdır.

FLICKR

YOUTUBE

FACEBOOK

Elanlar