az
en
Bu gün: 22 Iyul 2017
Muzeydə Beynəlxalq Konfrans öz işinə başlamışdır

Bu gün AMEA Milli Azərbaycan Tarixi Muzeyində “Türk sənəti, Tarixi və Folkloru Konqresi/Sənət fəaliyyəti” adlı VII Beynəlxalq Konfrans öz işinə başlamışdır.

11-15 aprel tarixlərində keçirilən konfrans Milli Azərbaycan Tarixi Muzeyi, Almaniya Türklərin Dünyası İnstitutu, Ağrı İbrahim Çeçen Universiteti, Səlcuq Universiteti Türk Əl Sənətləri Araşdırma və Tətbiqi Mərkəzi Başqanlığının təşkilatçılığı ilə hazırlanmışdır.

Konfrans türk incəsənəti, tarixi, ədəbiyyatı, musiqisi və  mədəniyyəti mövzularını əhatə edir. Tədbir Azərbaycanın və Türkiyənin milli himnlərinin sədaları altında açıldı. Konfransı giriş sözü ilə Muzeyin direktoru, akademik Nailə Vəlixanlı açaraq, Türkiyədən gələn qonaqları salamladı, onları yenidən muzeydə görməkdən məmnun olduğunu bildirdi. O, qeyd etdi ki, Türkiyə ilə Azərbaycan ortaq kökə sahib bir millət və iki dövlətdir. İki ölkə əlaqələrindəki təyinedici faktorlar Türk dünyasının böyük lideri Mustafa Kamal Atatürkün sözləriylə -  “Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir” və Azərbaycanın ümummilli lideri cənab Heydər Əliyevin “bir millət – iki dövlət” sözləriylə ifadə edilib. Xalqlar arasında soy bağına, ortaq mədəniyyətə və ənənələrə sahib olan bu iki qardaş ölkə - Türkiyə ilə Azərbaycan arasındakı münasibətlər istər hökumət, istərsə də xalqlar çərçivəsində əhatəli və köklü bir səviyyəyə çatıb, bütün sahələr üzrə, o cümlədən mədəni əlaqələr gün keçdikcə sürətlə inkişaf edir və güclənir.

Sonra təşkilatçı müəssiələrə mükafatlar təqdim olundu və Ağrı İbrahim Çeçen Universiteti Pedaqogika fakültəsinin tələbələri tərəfindən Azərbaycan milli musiqisi “Sarı gəlin” ifa olundu.

Daha sonra konfrans Prof. Dr. Mustafa Severin çıxışı ilə öz işinə başladı.

Türk mədəniyyətinin min illik təcrübəsinin mədəni irs çərçivəsində tədqiq edilməsi böyük əhəmiyyətə malikdir. Ümumdünya, həmçinin Türkiyə-Azərbaycan mədəni əlaqələrinin davam etdirilməsində elmi tədbirlər mühüm yer tutur. Bu baxımdan Bakıda keçiriləcək bu konfrans dünya, o cümlədən Türk mədəni irsinin tədqiqi, təbliği və qorunması baxımından bir model olacaq.

Konfrans 15 aprel tarixinə qədər davam edəcək.

Onu da qeyd edək ki, bu konfrans Milli Azərbaycan Tarixi Muzeyi və Türkiyənin Səlcuq Universiteti ilə birgə əməkdaşlıq  çərçivəsində davamlı keçirilir. Muzeydə ilk dəfə 2012-ci ildə IV Beynəlxalq Türk sənətləri tarixi, folkloru mövzusunda konfrans keçirilmişdir.

Elanlar